Uzun çəkən səssizlikdən sonra yenidən
sizinləyəm. Bu günlər başım bir az qarışıq idi, odur ki, çoxdandır
resept yazmadığım üçün üzürlü hesab edin. Eybi yoxdur, belə olanda
mənim üçün daha çox darıxarsınız:) Sizə çoxdandır söz verdiyim Napoleon
tortunun reseptini yazmaq verirəm. Etiraf edirəm – Napoleon tortunu
birinci dəfədir ki, bişirirəm, amma pis alınmadı. Nuş Olsun!
NAPOLEON TORTUƏvvəla bunu deyim ki, Napoleon bir neçə
qayda ilə hazırlanır. Əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat
xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremini isə
“zavarnoy” kremdir. Əgər sizin öxünüzün bildiyi və bəyəndiyi krem
varsa, burdakı kremlə əvəz edə bilərsiniz.
Xəmir Üçün:200 q soyuq kərə yağı – iri-iri doğrayın
4 stəkan un
1 yumurta
1 stəkan xama
Krem Üçün:
3 yumurta
1 stəkan yarım şəkər tozu
6 xörək qaşığı un və ya qarğıdalı nişastası (qaşığı çox doldurmayın)
4 stəkan süd
200 q kərə yağı
Əvvəlcə kremi hazırlayın. Kasada yumurta
və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana
boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un
açılsın. Sonra bu kütləni orta odda qarışdıra-qarışdıra qatılaşanadək
bişirin, təxminən 6-7 dəqiqə. Kənara çəkin. Qoyun bir 10 dəqiqə
soyusun. Sonra üstünə kərə yağını əlavə edib krem halına gələnədək
mikserkə çalın. Kremi soyuducuya qoyun.
İndi isə xəmiri hazırlayın. Bunun üçün
qaba un və kərə yağını qoyun. Bunları ya bıçaq, ya da barmaqlarınızla
iri umac əldə edənə qədər döyün.
Ayrı qabda yumurta və xamanı qarışdırın.
Sonra bu qarışığı unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə
edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır (qeyd: adətən 4
stəkan un kifayət olur, amma əgər xəmir hələ də ələ yapışırsa, onda ona
bir az da un əlavə edin).
Xəmiri 7 hissəyə bölüb kündələyin (8 kündə də ola bilər, istəsəniz). Kündələri sellofana büküb 2 saatlığa soyuducuya qoyun.
Xəmir soyuduqdan sonra bişirilməyə hazırdır.
Sobanı 200Cdək qızrıdın.
Kündələri bir-bir bişirin. Bunun üçün
hər kündəni oxlovla təxminən 28 sm-lik kvadrat şəklində nazik-nazik
açın. Formanızın ölçüləri fərqlidirsə, layların ölçüsünü ona görə edin.
Laylar nazik olmalıdır, şəkildə gördüyünüz kimi. Açdığınız layı formaya
yerləşdirin (formanı yağlamayın!). Əgər cırılan yerləri varsa, xəmirlə
yapışdırın. Layın üstünü çəngəllə 3-4 yerdən deşin. Bunu ona görə
edirsiniz ki, xəmir sobada çox qabarmasın. Qabarsa da, narahat olmayın.
Sonrakı mərhələdə onları *partladacaqsınız*.
Hər layı 6-8 dəqiqə ərzində üstü bir az
qızarana qədər bişirin. Tez-tez baxın ki, yanmasınlar. Hazır layın üstü
yarı ağ, yarı qızarmış yamaqlar şəklində olacaq ki, bu, belə də
olmalıdır. Bütün kündələri eyni şəkildə açıb bişirin. Bişən layları
ehtiyyatla bir-birinin üstünə yığın. Ən çox bişən və ya qırılan layı
ovub kənara qoyun, bu ovuntunu sonrakı mərhələdə tortun üstünə
səpəcəksiniz.
İndi isə layları aralarına bol-bol krem
çəkmək şərtilə üst-üstə yığın. Layların qabarıqları varsa, onları
çəngəllə *partladın*. Kremi layların kənarlarına daha da bol çəkin,
çünki tortun kənarları ən çətin yumuşalandır.
Kənara qoyduğunuz ovuntunun bir
hissəsini tortun üstünə, digər hissəsini isə kənarlarına səpin.
Tortunuzun kənarları bir o qədər səliqəli deyilsə, onda ora ovuntu
səpməyin. Gözləyin tort yumuşalsın, sonra kənarlarını bıçaqla kəsib
düzədin və ovuntu səpin.
Qoyun tort ən az 7-8 saat ərzində və ya
gecədən səhərədək otaq hərarətində yumuşalsın. Yumuşaldığında Napoleon
tortunuz hazırdır. Nuş olsun!